14.02.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər  mərhələsi keçirilib

Naftalan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçirilib.

Naftalan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.

 

Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən 2 variant üzrə 12 açıq sual verilib. Bundan əlavə, müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazıblar. Müsabiqənin şəhər mərhələsinin qalibi final mərhələsində iştirak etmək hüququ qazanacaq.