31.05.2016

    Naftalan şəhər S.Vurğun adına 2 nömrəli  tam orta məktəbin 1c sinif şagirdləri Əlifba bayramlarını qeyd etdilər.

        Məktəblilər bir ildə öyrəndiklərinin hesabatını çətin də olsa bir gündə verməyə çalışdılar. Tədbiri məktəbin direktoru Adilə Bağırova açaraq uşaqlara hər zaman səslərinin ali məktəbələrdən gəlməsini, gələcək təhsil yollarında müvəffəqiyyət arzuladı. Tədbirdə istedadlı uşaqlar bir–birindən gözəl milli rəqs nümunələri, bir–birindən gözəl və maraqlı səhnəciklər göstərərək gələn qonaqların zövqünü oxşadılar. Dilli-dilavər, balaca, gözəl uşaqların onlara verilən rolları məharətlə oynamaları özlərindən çox Səmirə müəllimənin əməyinin bəhrəsi idi. Uşaqların xüsusi intonasiya ilə söylədikləri Vətənə, anaya, müəllimə aid şeirləri valideyinlər və müəllimlərin xüsusi marağına səbəb oldu. Şeir deyib mahnı oxumaqdan bir an belə yorulmayan məktəblilərin verdiyi bu hesabat tədbirində bir daha sübut olundu ki, Vətənin gələcəyi etibarlı əllərdədir. Uşaqların belə gözəl çıxışlarını görən valideynlərin qürur hissi gözlərindən oxunurdu. Dünənə kimi ana quzusu olan övladlarının bu gün sərbəst şəkildə özlərini ifadə etdiklərini və müəyyən kütlə qarşısında utanıb sıxılmadan istedadlarını nümayiş etdirə bilmələri valideynlərinin ikiqat sevincinə səbəb olmuşdu. Sonda 1 C sinfinin sinif rəhbəri Səmirə Hüseynova uşaqları Əlifba bayramı münasibətilə təbrik etdi. Onlara həyatda ən önəmli olan can sağlığı, dərslərində müvəffəqiyyətlər arzuladı. Kiçik balalarının səslərinin hər zaman yüksəklərdən gəlməsini, həmişə Vətənə millətə xeyirli övlad olmalarını dilədi.

Açar sözlər: