24.05.2021

Regionun inkişafına xidmət edən əməkdaşlıq

        Bu gün Cənubi Qafqaz Azərbaycanın gücü ilə təhlükəli bəladan xilas edilmiş, Vətən müharibəsindəki qələbə sabitlik, sülh, və təhlükəsizlik üçün region xalqlarına büyük fürsət yaratmışdır. Azərbaycan əzəli torpağı olan Qarabağı həmişə olduğu kimi vətəndaşlarımızın ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çiçəklənən, təhlükəsiz ərazisi kimi görür.

        Ölkəmizin ictimai-siyasi həyatında hazırkı durum elə bir mərhələnin təsnifatının öyrənilməsini zəruri edir ki, o müasir siyasi sistemlərin və milli dövlətlərin təcrübəsinə yeni bir istiqamət gətirib. Çünki dövlətin həyata keçirdiyi strategiya cəmiyyətin ictimai-siyasi tələbatlarını təmin edirsə, onun növbəti mərhələ üçün dayanıqlı, legitim sosial münasibətlərə yol açan yeni tələblərin effektivliyinin analiz edilməsi zərurəti yaranır.

        O cümlədən, regionun gələcək inkişafı ilə bağlı yeni perspektivlər açılır. Regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.

Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənmiş, əlaqələri xeyli genişlənmişdir. Hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya qoşulmaqdadır.

        Dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhran bir sıra iri dövlətlərə çox ciddi zərbələr vursa da, Azərbaycana bir o qədər də təsir göstərə bilmədi. Ölkəmizin bu uğurları da diqqətdən yayınmamış və rəsmi Bakı əlaqələrini daha da artırmışdır. Hazırda Azərbaycanla hərtərəfli əməkdaşlığa maraqlı olan dövlətlərin sayı getdikcə artmaqdadır. Belə əlaqələr ölkəmizi dünya birliyinə daha da yaxından tanıdır, mövqelərimizi möhkəmləndirir. Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişafı da bu baxımdan diqqəti daha çox cəlb edir.

        Regional əməkdaşlığın qurulması üçün iqtisadi layihələr mühüm əhəmiyyət kəsb edir. Enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa şərait yaradıb, sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib.

        Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycan əməkdaşlığa hazırdır. “Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz hazırıq və bunu dəfələrlə bəyan etmişik ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Onlar gələcək haqqında düşünmürlər. Biz gələcək haqqında düşünürük. Regionun xalqları birgə yaşamağı öyrənməlidir. Biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik.”

        Müasir Azərbaycanın xarici siyasətində Yaxın və Orta Şərq ölkələri sırasında xüsusi diqqət yetirilən ölkələrdən biri də İsraildir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İsraillə diplomatik münasibətləri qurdu. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər. Əməkdaşlığın vacib sahələrindən biri müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir.

        Çin iqtisadiyyatı inkişaf etdikcə beynəlxalq aləmdə onun rolu artır və dünya dövlətləri, xüsusilə də inkişaf etməkdə olan ölkələr onunla əməkdaşlığa can atır. Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb. Bu gün iki dövlət arasında hərbi təhsil sahəsində əlaqələr yüksək səviyyədədir.

        Ermənistanın acınacaqlı vəziyyəti öz işğalçı siyasətinin nəticəsidir. Rəsmi İrəvanın işğalçı siyasəti Ermənistanı tənəzzülə apardı. Artıq Ermənistanda bəzi qüvvələr çox böyük səhvə yol verdiklərini anlamaqdadır. Onlar da dərk etməkdədirlər ki, qonşu ölkələrə ərazi iddiasına son verib, normal qonşuluq və əməkdaşlıq münasibətləri qurmadan nəinki ölkənin, eyni zamanda millətin gələcəyi sual altındadır. Məhz indiyədək yürüdülən səhv siyasətin nəticəsidir ki, Ermənistan cəmiyyəti ciddi psixoloji dram yaşamaqdadır. Ermənistan cəmiyyətində insanların sabaha inamı yoxdur. İnamsızlıq mühiti yaşanmaqdadır. İstər Ermənistan hakimiyyəti olsun, istərsə də hakimiyyətə iddialı qüvvələr birmənalı şəkildə onu anlamalıdır ki, ölkənin gələcəyi qonşularla normal qonşuluq münasibətlərindən və əməkdaşlıqdan keçir.

        Dövlət başçısının da qeyd etdiyi kimi, indi Azərbaycan dövlətinin və xalqının qarşısında duran əsas məsələ daşı daş üstündə qalmayan, erməni vandalları tərəfindən yerlə yeksan edilən, viran qoyulan kəndlərimizi, qəsəbələrimizi, şəhər və rayonlarımızı yenidən bərpa etmək, onlara yeni həyat verməkdir. Artıq bu quruculuq işlərinə başlanılıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bəyan etdiyi kimi Qarabağın hər qarışı yenidən dirçəldiləcək, hər daşı yenidən tikiləcək, ora yenidən həyat qayıdacaq.