03.06.2021

Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir

Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanmışdır.

Ölkəmizdə koronavirusla mübarizə uğurla davam etdirilir. Bu gün dövlətin görmüş olduğu önləyici tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında azalma müşahidə olunur. Eyni zamanda bu virusa yoluxmuş insanların mütləq əksəriyyəti sağalaraq evlərinə göndərilib. Onuda qeyd etmək lazımdır ki, virusdan qorunmaq və bu xəstəliyin profilaktikasının öyrənilməsi istiqamətində də mühüm addımlar atılıb.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxışında bir sıra mühüm məsələlər toxunub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları səfərbər edən ölkələrdəndir. Ölkə iqtisadiyyatına pandemiyanın mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülüb. Bu məqsədlə COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib. Hazırda isə pandemiya ilə mübarizədə əsas prioritet əhalinin vaksinasiyasıdır.

Pandemiya ilə mübarizə işi ölkəmizdə planlı şəkildə aparılır. Pandemiyanın ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.

Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan olub. Sirr deyil ki, dövlət pandemiyanın ilk günlərindən işləri düzgün təşkil etmiş və bütün lazımi addımları atmaqla beynəlxalq təşkilatlarla təmaslar qurmuşdu. Təsəvvür edin ki, bu gün dünyada onlarla dövlət var ki, hələ də vaksin almaqda çətinliklərlə rastlaşırlar.

Hazırda bəşəriyyətin qarşısında duran bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bu xüsusda, Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır.