17.07.2021

10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu

Beynəlxalq səviyyəli mötəbər tədbirlərə hər zaman uğurla ev sahibliyi edən dövlətimizin davamlı və dayanıqlı inkişafı, dünya miqyasında artan nüfuzu ölkəmizin imicini yüksəldib.

Belə ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə də yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsindən xəbər vermiş oldu. Əlbəttə ki, ölkəmizin Qoşulmama Hərəkatına üzv olması uğurlu xarici siyasəti sayəsində Azərbaycanın bu təsisat daxilində böyük nüfuz və etimad qazanmasının göstəricisidir.

Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük siyasi təşkilatdır və qeyri-rəsmi olaraq

1955-ci il aprelin 18-24-də İndoneziyanın Bandunq şəhərində keçirilən Afrika-Asiya konfransında təsis edilib. Qoşulmama Hərəkatı rəsmi olaraq Bandunq Zirvə Görüşündən altı il sonra, 1961-ci ildə Belqrad şəhərində keçirilən II Zirvə Görüşündə təsis edilib.

İyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin videoformatda çıxışı zamanı bildirdiyi kimi, bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik.

Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

Qlobal səhiyyə böhranı fonunda Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı çıxış edir. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur. Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

2020-ci il sadəcə ölkəmizüçün deyil, bütün dünya üçün asan il olmadı. Koronavirusun özü ilə gətirdiyiçoxsaylı problemlər sosial-iqtisadi həyatımızda da müəyyən çətinliklərə səbəb oldu.

Lakin bütün bu çətinliklərə rəğmən, 2020-ci il Azərbaycan xalqının taleyində və həyatında həlledici rol oynadı. Çünki Azərbaycan Qarabağ həsrətinə məhz 2020-ci ildə son qoydu. Bu ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən Müharibəsi nəticəsində 30 ilə yaxın müddətdə düşmən işğalında qalan torpaqlarımız azad edildi, işğalçı Ermənistan ordusu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Ali Baş Komandanımızın rəhbərlik etdiyi Müzəffər Azərbaycan Ordusunun ölümcül zərbələri nəticəsində darmadağın edildi. Düşmənin hərbi potensialının 80%-dən çoxu sıradan çıxarıldı. Bu, son iki əsrdə Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyət idi. Məhz bu səbəbdən də 2020-ci il Azərbaycan tarixində hər zaman qürur və fərəhlə anılacaq.