30.08.2021

Prezidentin “Dəmir yumruğu” tarixi ədaləti bərpa etdi

Dövlətimizin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Məhz iqtisadi yüksəliş dövlətə sosial məsələləri uğurla həll etməyə imkan verir. Təsadüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur.

Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında sağlamlıqlarını itirmiş qəhrəman qazilərimizin, müharibə veteranlarımızın, şəhid ailələlərinin etibarlı və fasiləsiz sosial müdafiəsi, mənzil-məişət və sosial şəraitlərinin yaxşılaşdırılması dövlətimizin xüsusi diqqət mərkəzindədir.

Möhtərəm Prezidentimiz cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müharibə əlillərinin və veteranların sosial vəziyyəti və maddi şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl mühüm addımlar atılır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Dövlət siyasətinin sosial yönümlüyünü təsdiq edən rəqəmlər buna sübutdur. Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır.

Xalqımız 30 ildən çoxdur ki, deyirdi ki, nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Müzəffər Ali Baş Komandanımızın dəmir iradəsi və Şanlı Ordumuzun şücayəti nəticəsində Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qısasını aldı. İkinci Qarabağ müharibəsi- Vətən Müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır. Azərbaycan 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdi. İşğalçılar məcbur edildi ki, onlar kapitulyasiya aktını imzalasınlar, digər rayonlardan öz xoşları ilə çıxsınlar.

Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirən amillərdən bəhs edərkən daim bildirirdi ki, bu məsələdə dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək əsasdır. Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Xalqımız daim Ali Baş Komandanın hücum əmrini gözləyib. Bir qarış torpağımızı belə düşmənə verməyəcəyimiz nəinki dövlətimizin başçısının bəyanatlarında, eyni zamanda, xalqımızın Ali Baş Komandana ünvanlanan minnətdarlıq məktublarında da öz əksini tapır.

Dövlətimiz, xalqımız bir il deyil, iki il deyil, 30 il sülh danışıqlarını gözlədi. Amma hər dəfə Ermənistana dəstək gördükdə sərt münasibətini bildirsə də, bu dəstəyə müxtəlif adlar altında haqq qazandırdılar.

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Qarabağ Azərbaycandır!