27.09.2021

Azərbaycan qlobal inkişaf proseslərinin mərkəzindədir

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Fərqli mədəniyyətlərin, Şərq və Qərb sivilizasiyalarının təmas mərkəzidir. Multikulturalizm, tolerantlıq örnəyidir. Aydın strateji baxışı, faydalı təşəbbüsləri ilə ümumilikdə dünyamızın bugünü və gələcəyinə dəyərli töhfələr verən ölkədir. Belə bir səviyyəyə Azərbaycan, ilk növbədə, iqtisadi inkişafı sayəsində nail ola bilib. Çünki iqtisadi imkanlar, maliyyə resursları bütün inkişaf proseslərinin təməl qaynağıdır. Azərbaycanın getdikcə yüksələn iqtisadi imkanları, qazanılan sosial-iqtisadi nailiyyətlər ölkəmizin bu günü və gələcəyi üçün bir sıra strateji qərarların icrasına həyat verir. Onların reallaşdırılmasına imkan yaradır. 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdə, təxminən 30 ildən sonra torpaqlarımızın düşməndən təmizlənməsində də iqtisadi amillər çox mühüm rol oynadı. Azərbaycan ötən onilliklərdə əsas imkanlarını sosial-iqtisadi inkişafa yönəltdi. Həyata keçirilən inkişaf proqramları ilə işğalçı Ermənistan üzərində böyük üstünlüklər qazandı. Zaman ölkəmizin xeyrinə işlədi. İşğalçılıq siyasəti üzündən getdikcə daha böyük problemlərlə üzləşən, əhalisinin böyük hissəsi ölkəni tərk etdiyindən demoqrafik böhran yaşayan, vətəndaşları səfil gününə düşən, başqa ölkələrdən asılılığı artan yoxsul Ermənistandan fərqli olaraq Azərbaycan bu illərdə dünyanın ən yüksək inkişaf dinamikasına malik ölkələrindən biri statusunu qazandı. Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizə güclü bir ordu qurmaq imkanı yaratdı. Elə bir ordu ki Vətən müharibəsində tarix yazdı. Tətbiq etdiyi innovativ silahlar, döyüş metodları ilə XXI əsrin müharibəsini apardı və bu təcrübə indi dünyanın bir çox aparıcı hərbi məktəblərində öyrənilməkdədir.

Malik olduğumuz iqtisadi imkanlar beynəlxalq münasibətlər sistemində də ölkəmizin mövqelərini getdikcə gücləndirməkdədir. Bu, bir tərəfdən kim güclüdürsə, əksəriyyətin məhz onun yanında olmağı üstün tutması ilə bağlı tarixi reallıqlardan irəli gəlirsə, digər tərəfdən də Azərbaycanın yaratdığı faydalarla bağlıdır. Faşizm xəstəliyi ilə regionu qan gölünə çevirmək istəyən, sülhü, təhlükəsizliyi, insanların həyatını, regiona qoyulan investisiyaları təhdid altında saxlayan Ermənistandan fərqli olaraq Azərbaycanın arzusu Cənubi Qafqazı bir cənnətə çevirməkdir. Dövlət rəhbərimiz bununla bağlı təkcə danışmır, bəyanatlar vermir, eyni zamanda belə bir perspektivi göstərməyi, hiss etdirməyi bacarır. Dayanıqlı sülhə, əməkdaşlığa nail olmaqdan ötrü hər kəs səyləri birləşdirərsə, regionda bütün maraqlı tərəflər üçün nə qədər böyük imkanların yarana biləcəyini özünəməxsus lider baxışı ilə anladır.

COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam edir. Azərbaycan hökuməti ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb.

Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib. Azərbaycan “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını bir daha vurğulayır. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.

Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır.