27.09.2021

Qalib Xalq, Qətiyyətli Sərkərdə,Müzəffər Ordu

44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxarıb. Bu baxımdan Azərbaycan xalqının bu qələbəsi fövqəladə tarixi əhəmiyyətə malikdir. Bunu təkcə dostlarımız deyil, hətta bizim uğurlarımıza qısqanclıqla yanaşanlar da etiraf edirlər. İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu Qələbənin şanına dastanlar, romanlar və elmi əsərlər yazılacaq. Buna da tam haqqımız var. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı.

Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi.

Azərbaycan Ordusunun uğurlarının kökündə möhtərəm Prezident cənab İlham Əliyevin son 17 ildə davam etdirdiyi, yeni çalarlarla zənginləşdirdiyi, çağdaş dövrümüzün tələblərinə uyğun çevik formada gerçəkləşdirdiyi Ulu öndər Heydər Əliyevin siyasəti dayanır. Ümummilli lider Heydər Əliyev vurğulayırdı: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Azərbaycan xalqı bu tarixi bəyanatın gerçəkliyinin bir daha əyani şahidi oldu. Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin bütün gözləntilərini 17 illik hakimiyyəti dövründə gerçəkləşdirməyi bacardı.

Dövlət başçısının apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində peşəkar ordu quruculuğu, yüksək diplomatiya, qabaqcıl informasiya təminatı və iqtisadi sahədə saysız-hesabsız nailiyyətlər qazanıldı. Cəmi 44 günə təmin olunan böyük Qələbənin qazanılması üçün illərdir düşünülmüş planlı siyasət həyata keçirildi. Ötən illərdə Azərbaycan çeşidli təzyiqlərlə, siyasi çəkişmələrlə üzləşdi. Dövlət başçımız İlham Əliyev bütün bunlara rəğmən bir addım olsun belə geri durmadı, müstəqil siyasət apararaq dövləti, xalqı daha da güclü şəkildə gələcəyə daşıdı, canından artıq sevdiyi ölkəsini davamlı olaraq inkişaf etdirdi.

Ötən 17 ildə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi bir an olsun belə diqqətdən kənarda qalmadı. Ölkəmizin bu istiqamətdə mövqeləri gücləndi, ərazi bütövlüyümüz nüfuzlu qurumların rəsmi qərarlarında bir daha əks olundu. Bu qərarlar haqq işimizin uğurla yekunlaşmasında mühüm amil oldu.

Azərbaycan Prezidenti həmin sənədlərin verdiyi üstünlüklərə, beynəlxalq hüquqa söykənərək hərbi əməliyyatlar zamanı ölkəmizə edilən təzyiqləri böyük ustalıqla dəf etdi.

Məhz bu fəaliyyət sayəsində müharibənin gedişatında ölkəmizi dəstəkləyən dövlətlərin sayı artdı. Beləliklə, ötən dövrdə səbirlə, təmkinlə yürüdülən siyasət nəticəsində qüdrətlənmiş Azərbaycan təkbaşına haqqı, ədaləti, beynəlxalq hüququ bərpa etməyə nail oldu. İndi bütün dünya haqqa söykənən Azərbaycanın artan gücü ilə də hesablaşmaq zorundadır.

Azərbaycanın şanlı bayrağı işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq! Prezident Cənab İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.