07.10.2021

Azad olunmuş ərazilərə aparan daha bir yolun təməli qoyuldu

Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyev burada etdiyi çıxışında Ermənistanda revanşist hisslərlə yaşayan bütün ünsürlərə onların həddini bildirdi və xəbərdarlığını etdi. “Əgər onlar rahat yaşamaq istəyirlərsə ağıllarını başlarına yığmalıdırlar. Əks halda Dəmir yumruq yenidən onların mənfur başlarını əzməyə hər zaman hazırdır.”

2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi işğaldan azad edildi. Məhz Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik olmuşdur, qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi.

Müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi.

Ermənistan işğal dövründə bu ərazilərin təbii imkanlarından da Azərbaycana qarşı ekoloji terror törətmək məqsədilə yararlanıb. Belə ki, Suqovuşan qəsəbəsinin daha bir əhəmiyyəti də ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Hər iki su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. İşğal zamanı mənfur düşmən bizə qarşı ekoloji terror da törədirdi, su terroru törədirdi. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və məruzə qəbul edilmişdi, qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, Azərbaycanın böyük uğuru idi.

Bu gün dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edən, bütün dünya ölkələri tərəfindən etibarlı bir tərəfdaş kimi tanınan bir dövlətdir. Dövlət başçısı tərəfindən aparılan uğurlu xarici siyasət sayəsində bütün dünya ölkələri, nüfuzlu beynəlxalq qurumlar Azərbaycanın Şanlı Zəfərinin şahidi oldu. İşğalçılığı öz dövlət siyasətinə çevirən Ermənistan isə siyasi və iqtisadi iflasa uğrayıb, bütün regional siyasi və iqtisadi proseslərdən kənarda qalıb.

Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının bizim nəzarətimizə keçməsi nəticəsində artıq Ermənistan dövlətinin bu imkanları da onların əlindən çıxdı. İndi bütün Qarabağa və Şərqi Zəngəzura olduğu kimi, buraya da biz hakimik. Ali Baş Komandan cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bizim azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqramlar icra edilməkdədir.

Həmçinin, ölkə başçısı tərəfindən Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməli qoyulub. Talış kəndindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru 22 kilometr uzunluğa malik yeni yolun birləşdirilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq. Beləliklə, Naftalana gələn yerli və xarici turistlər işğaldan azad olunmuş torpaqlarımıza, əzəli Azərbaycan torpağı Qarabağa səfər edə biləcəklər. Bu da turizmin inkişafına təkan verəcəkdir.