11.10.2021

Vətən müharibəsi Şəhidi Bəhruz Quliyevin anım günü qeyd olunub.

Şəhid Quliyev Bəhruz Firuz oğlu 09 may 1990-cı ildə Naftalan şəhərində anadan olmuşdur. O, 1996-cı ildə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayan qəhrəmanımız 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən ön cəbhədə olmuş, 11 oktyabr 2020-ci il tarixdə isə torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaətlik göstərərək şəhidlik zirvəsinə ucalmışdır.

Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Bəhruz Quliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb ruhuna dualar oxuyublar

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci ildə imzaladığı Sərəncama əsasən şəhid Bəhruz Quliyev (ölümündən sonra) “Vətən uğrunda” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Bəhruz Quliyev ailəli idi, iki qız övladı bizlərə əmanət qalıb.


Açar sözlər: ,