17.10.2021

Dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılması

XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır. Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci il oktyabrın 8-də başlanan Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr 4 gün davam etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı.

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.

Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbulu ilə müstəqil inkişaf dövrünə yenidən qədəm qoymuş, özünün ən böyük milli sərvəti olan bu dəyərin itirilməsi təhlükəsinə dəfələrlə məruz qalaraq ictimai fəlakətlə üz-üzə qalmış Azərbaycan xalqı öz qurtuluşunu "Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” sözlərilə mühüm xilaskarlıq öhdəliyini öz üzərinə götürmüş Ümummilli Lider Heydər Əliyevin dühasında, zəngin idarəçilik təcrübəsində, dərin zəkasında, möhkəm siyasi iradəsində və milli mənafelərə sadiqliyində tapmışdır.

Milli Məclis xalqın istəyini gerçəkləşdirərək 1997-ci ilin iyun ayında Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd edilməsinə dair qərar qəbul etmişdir. Milli Qurtuluş Günü dövlətçilik tariximizin qızıl hərflərlə həkk edilmiş şanlı səhifəsi, böyük ictimai-siyasi əhəmiyyətə malik mühüm hadisə olaraq xalqımızın müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ilə Ümummilli Liderin şəxsiyyəti ətrafında sıx birləşməsinin yeganə nicat yolu olduğunu sübut etmişdir.

1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. Ölkə xaos, vətəndaş müharibəsi, etnik separatizm, hakimiyyət böhranı, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu.

Dahi şəxsiyyət müxtəlif dövlətlərin ölkəmizə yönələn geostrateji maraqlarını uzlaşdırmaqla Azərbaycanda demokratik cəmiyyətin inkişafına təminat yaratdı. Eyni zamanda, erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli strateji və taktiki gedişlər edildi. 1994-cü ildə atəşkəsin əldə olunması ilə Ermənistanın işğalçı ekspansiyasi dayandırıldı. Bununla da, dövlət quruculuğu prosesinin ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili sabitliyin təmin olunması və möhkəmləndirilməsi baxımından əlverişli siyasi zəmin yaradıldı.

Ümummilli lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı.

1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk olaraq insan haqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Ulu öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali - hüquqi, siyasi sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı.

28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir.

Məhz Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdu. Bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.