18.10.2021

Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın beynəlxalq nüfuzunun etirafıdır

Vaxtilə ulu öndər Heydər Əliyev demişdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün Ümummilli liderin siyasi kursunun layiqli varisi, ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın əldə etdiyi beynəlxalq nailiyyətlər ulu öndərin böyük uzaqgörənliklə söylədiyi həmin sözlərin doğruluğunu sübut edir.

Bu gün Azərbaycan dünya miqyasında tanınan, seçilən, söz sahibi, nüfuz sahibi olan bir ölkədir.Beynəlxalq səviyyəli mötəbər tədbirlərə hər zaman uğurla ev sahibliyi edən dövlətimizin davamlı və dayanıqlı inkişafı, dünya miqyasında artan nüfuzu ölkəmizin imicini yüksəldib.

Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük siyasi təşkilatdır və qeyri-rəsmi olaraq 1955-ci il aprelin 18-24-də İndoneziyanın Bandunq şəhərində keçirilən Afrika-Asiya konfransında təsis edilib. Qoşulmama Hərəkatı rəsmi olaraq Bandunq Zirvə Görüşündən altı il sonra, 1961-ci ildə Belqrad şəhərində keçirilən II Zirvə Görüşündə təsis edilib.

Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri (1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransında qəbul olunmuş prinsiplər. Qoşulmama Hərəkatı heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur) Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bu, bilavasitə Azərbaycanın

Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür

Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib.

Azərbaycan həm Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun möhkəmlənməsində öz rolunu oynadı, həm də bu qurum daxilində öz nüfuzunu möhkəmlətdi. Bu nüfuzun sayəsində Vətən müharibəsinə beynəlxalq dəstək ortaya qoyuldu. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək əhəmiyyətli hadisə idi. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul olunmasına imkan vermədilər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsi bizim bu qurumla münasibətlərimizin davamlı olmasını şərtləndirir və Azərbaycan təşkilatın tribunasından dünyaya artıq qalib ölkə kimi bəyanatlar verir.