18.10.2021

Zəngilan 27 ildən sonra işğaldan azad olundu

Zəngilan 1993-cü il oktyabrın 28-də ermənilər tərəfindən zəbt edilmişdi. Doğma torpaqlarında müharibə aparan Azərbaycan ərazi bütövlüyünü qarış-qarış bərpa etdi. 2020-ci il oktyabrın 20-də bütün Azərbaycan daha bir xoş xəbərə sevindi. Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi.

Zəngilanın ərazi zəngin təbii ehtiyatlara malikdir. Rayonda hesablanmış ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vecnəli” qızıl yatağı, ehtiyatları 6.618 min kub metr olan üzlük daşı istehsalına yararlı “Oxçuçay” mərmərləşmiş əhəngdaşı yatağı, bundan əlavə, ehtiyatları 129 min ton olan “Daşbaşı-Esgurum” əhəngdaşı yatağı, ümumi ehtiyatları 28.943 min kubmetr olan Bartaz-I və Bartaz-II porfirit yataqları, ehtiyatları 1.102 min kubmer olan kərpic istehsalına yararlı gil və 17.367 min kubmetr olan qum-çınqıl yataqları mövcuddur.

Zəngilan turizm potensialı yüksək olan rayondur. Rayonda 107 hektar sahəsi olan Beşitçay Dövlət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlığı, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıd meşəsi, 12.864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət mineral bulaqlar, Turşsu mineral bulaqları mövcuddur.

1974-cü ildə qurulan 107 hektar ərazisi olan Beşitçay Milli Parkında dəyərli ağaclar mövcuddur ki, bəzilərinin yaşı 1200-1500 ili keçir. Bütün bunlar bögənin turizm potensialının bir göstəricisidir.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.