18.10.2021

Bu gün Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun anım günüdür

Bu gün Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun anım günüdür. 

Şəhid Adıgözəlov Fərid İlqar oğlu 08.09.1992-ci ildə Naftalan şəhərində anadan olmuşdur. 2020-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayan qəhrəmanımız 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən ön cəbhədə olmuş, 18 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaətlik göstərərək şəhidlik zirvəsinə ucalmışdır.

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci ildə imzaladığı Sərəncama əsasən şəhid Fərid Adıgözəlov (ölümündən sonra) “Vətən uğrunda” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik.

Qeyd edək ki, Fərid Adıgözəlov ailəli idi, yeganə övladı Gülsurə balamız bizlərə əmanət qalıb.